11 Haziran 2013 Salı

Gözdə itdirsəyi xəstəliyi

İtdirsəyi və bu kimi ağrılı göz xəstəliklərinin qarşısını almaq üçün immuniteti möhkəmləndirmək vacibdir. Göz insan orqanizminin ən zərif və ən gözəl hissəsidir. Olduqca həssas olan göz zaman-zaman xəstələnir, zəifləyir bir çox hallarda isə gözəlliyini itirir.
Özünü yeniləməyən, dəyişməyən yeganə orqan olan gözlər çox önəmli bədən üzvü olduğu üçün vaxtında müayinə və müalicə olunmadıqda həll olunması çətin problemlərə yol açır.

Əsasən dodaq ətrafında görülən və xalq arasında “uçuq” adlanan hal əslində virusdur. Herpes adı ilə tanınan bu virus bədəndə immunitetin zəiflədiyi zaman ortaya çıxır. Herpes bədənin digər hissələrinə təsir etdiyi qədər gözlərə də təsir edir. Bu zaman gözlərdə qızartı, yanma, batma hissi gözü narahat edir.
İnsanlara narahatlıq yaradan hal isə el arasında “itdirsəyi” kimi məhşur olan göz qapağının iltihablanmasıdır. Kirpik dibləri və piy ifraz edən vəzilər iltihablaşan zaman gözün qapağında kiçik şişlər meydana gəlir ki, bu şişlər əslində irinli iltihablardır.
Oftolmoloq Xəlil Özcanın sözlərinə görə, itdirsəyinin yaranma səbəbləri müxtəlifdir. Bəzən nədənsə iyrənmə zamanı da gözdən itdirsəyinin çıxması müşahidə olunur. El arasında isə əsasən göz çibanı kimi tanınır: “İtdirsəyi əslində tez sağalan və problem yaratmayan bir haldır. Amma baxır hansı səbəbdən yaranır. Sızanaqlı dəri tipinə malik olan və dərisində demodeks gənəsi olan insanlarda itdirsəyi tez-tez müşahidə olunur. Təbii ki, bu halda həkimə müraciət etmək lazımdır. Çünki problem həll olunmadığı müddətdə müxtəlif göz problemləri, itdirsəyi, kirpiklərin tökülməsi, əyri bitməsi və s. halları müşahidə olunacaq”.
Gözün bir sıra xəstəlikləri kimi itdirsəyinin də yaranma səbəblərindən biri gözün çirkli əllərlə təmasıdır. Tozlu mühitdə gözləri ovuşdurmaq, qaşımaq, xüsusən dırnaqları uzun xanımların göz bulağından makiyajı dırnaqla təmizləməsi gözə infeksiya düşməsinə birbaşa şərait yaradır. Başqa insanın linzalarından, cib yaylıqlarından istifadə etmək, yaxud yaşaran gözü köynəyə və ya şala silmək gözün zədələnməsinə, infeksiya tapmasına səbəb olur.
Oftolmoloq bildirir ki, orqanizmdə A, B, C vitaminləri çatışmadığı, immun sisteminin zəifləməsi zamanı da gözdə problemlərin, ən əsası itdirsəyinin yaranmasına səbəb olur. X.Özcan itdirsəyinin əlamətlərindən danışan zaman bildirdi ki, itdirsəyi üzdəki sızanağa bənzəyir. Əvvəl gözün başlanğıcında, kiprik dibində qaşıntı, daha sonra isə kiçik ağrı yaranır. 1-2 gün ərzində həmin qaşınan sahədə şişkinlik yaranır və ən ağır hallarda ağrılı olur. İtdirsəyi tam yetişdikdən sonra isə içindəki irin təmizlənir: “Təxmini yaranması və sağalması 1 həftə çəkir. Bəzən həkimə ən ağır hallarda müraciət edib şikayətlənirlər ki, itdirsəyi çətin xəstəlikdir. Əslində əl vurulmadığı və əzilmədiyi halda çox asan sağalan bir haldır. Xəstələr görünüş baxımından narahat olur və vaxtından əvvəl itdirsəyini sıxıb təmizləməyə çalışırlar. Bu da təbii ki, gözdə iltihabın daha da artmasına, ağırlaşmasına səbəb olur”.
İtdirsəyi çıxan zaman insanlar bunu müxtəlif təbii yollarla, otlarla, çay dəmləmələri, hətta uşaq sidiyi ilə müalicə etməyə cəhd göstərirlər. Həkim xüsusən bu cür hallara yol verilməsinin qarşısının almağının vacibliyini bildirir: “Çox təəssüf edirəm ki, çay tamponlarını gözə qoymaq Azərbaycanda geniş yayılıb. Tampon qoyula bilər, bir şərtlə ki, gözdə yaralanma, iltihablanma olmasın. Yaxud çay təbii olsun. İndiki çayların tərkibi boyaq maddəsidir. Bu cür çayla müalicədən söhbət belə gedə bilməz. Gözdəki itdirsəyi iltihablıdır. Onu daha da mikroba yoluxdurmaq sağaltmaqdan çox ağırlaşdıra bilər”.
İtdirsəyi və bu kimi ağrılı göz xəstəliklərinin qarşısını almaq üçün immuniteti möhkəmləndirmək vacibdir. Gözün gigiyenik qaydalarına riayət etmək mütləqdir. Xüsusən gənc nəsil makiyaj edərkən şərikli göz qələmlərindən istifadə edirlər. Bu, qətiyyən yolverilməzdir. Gözün suyu ilə təmasda olan göz qələmi digər gözə də təmas etdikdə daha ağır xəstəliklər yarada bilər. Üz dəsmalı və xüsusən göz yaylıqlarını təmiz saxlamaq, onu stolun üstünə qoyub sonra gözlərə vurmaq olmaz. Ən yaxşı halda birdəfəlik istifadə üçün nəzərdə tutulmuş salfetlərdən istifadə etmək məqsədəuyğundur.
Oftalmoloq itdirsəyi ağrısını yüngülləşdirmək və sakitləşdirmək üçün gözə isti su dolu torbanın qoyulması, yaxud isti duz kisəciklərinin qoyulmasının mümkün olduğunu bildirir: “Ağrı varsa, gözü hərəkət etdirməkdə narahatlıq yaranırsa, ağrını iltihablı hissəyə isti tətbiq etməklə sakitləşdirmək olar. Evdən kənara çıxılmayacaqsa, itdirsəyinə “zelyonka”, yaxud yod vurula bilər. Eritromisin və 20%-li sulfat natrium olan göz damcılarından da istifadə etmək olar”.
Qaynaq: http://milli.az/print/news/health/160304.html

Hiç yorum yok:

Yorum Gönder