22 Mayıs 2013 Çarşamba

Qız qalası



Qız qalası - Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir.
Qala qədim İçərişəhərin cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qülləşəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq sirləri çoxdur.
Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır.
Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür.

Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə YUNESKO-nun (UNESCO) Ümumdünya irsi siyahısına salınmışdır.

Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə (bəzi müəlliflərə görə Bakı xanının qızı) əsasən Qız qalası adlandırılmasıdır. Əfsanəyə görə qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Qalanın adının digər yozumunna görə isə heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılmışdır. Digər versiyaya görə isə qala əvvəllər “Göz qalası” adlandırılmış, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək “Qız qalası” şəklini almışdır.

Tikilmə vaxtı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII əsrdə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi, tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: “Davudun oğlu Məsudun qülləsi”.

Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə, adətən, memarların adının qeyd edildiyi nəzərə alınsa, Davudun oğlu Məsudun Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər.

Qaynaq: http://az.wikipedia.org/wiki/Q%C4%B1z_qalas%C4%B1_%28Bak%C4%B1%29

Hiç yorum yok:

Yorum Gönder