22 Haziran 2013 Cumartesi

Yabanı gilas

Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir.
Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır.
Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı rəngdə olur. Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda yeyilir, eləcə də ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Acı gilaslar isə şərab istehsalı üçün yararlıdır. Çəyirdəyində 30% yağ və 1%-ə qədər efir yağı vardır. Texniki məqsədlər üçün işlədilə bilər. Yarpaqlarında 250 mq% C vitamini vardır. Yabanı gilas külli miqdarda qətran ifraz edir ki, bundan da parçaların boyanmasında istifadə edilir.
Gilas şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq edilir. Xalq təbabətində qəbz olmağa qarşı da istifadə olunur. Oduncağı bərk, sarı-qırmızı rəngdədir. Gilasın oduncağından xarrat məmulatı, nazik budaqlarından isə qəlyan çubuqları hazırlanır. Gilas balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1hektar çiçəkləyən gilas sahəsindən arılar 36-40 kq bal hasil edə bilirlər.

Hiç yorum yok:

Yorum Gönder