Jurnalist, ictimai xadim və
tərcüməçi Azər Həsrətin ilk iri həcmli qələm təcrübəsi olan “Bir əsgərin
yaşantıları” adlı memuar-romanı “Qanun” nəşriyyatında min nüsxə tirajla
çapdan çıxıb.
Kitab bədii üslubda qələmə alınsa da təsvir edilən olaylar və obrazların, demək olar ki, hamısı gerçəkləri əks etdirir.
Kitabın
əsas mövzusu onun şəxsən 1986-1988-ci illər ərzində Almaniyadakı Sovet
Qoşunları Qrupu tərkibində hərbi xidmət keçdiyi zaman şahidi olduğu
olaylar, xüsusən də Azərbaycanlı əsgərlərin gizli təşkilatlanması,
nizamlı bir şəkildə hər həftə sonu keçirilən Millət Məclisinin
fəaliyyətləridir.
Burada həm də 1987-ci ildə o zaman SSRİ Nazirlər
Kabineti sədrinin 1-ci müavini olan Heydər Əliyevin vəzifəsindən
uzaqlaşdırılmasının uzaq Almaniyada hərbi xidmət keçən Azərbaycanlı
əsgərlərə necə təsir etməsi, bir qazax əsgərin dilindən 1986-cı ilin 16
dekabr günü Almatı şəhərində Sovet qoşunlarının dinc nümayişçilərə divan
tutaraq 172 nəfəri öldürməsi, yazarın ilk dəfə Türk kimliyini dərk
etməyə başlaması, ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım
kimi təzahürlərə geniş yer verilib.
Romanda
diqqət çəkə biləcək məqamlar arasında 1988-ci ilin əvvəlindən
ermənilərin Azərbaycanlılara qarşı yenidən başlatdığı təmizləmə siyasəti
və buna Moskvanın münasibəti, Sumqayıt olayları, erməni və Azərbaycanlı
əsgərlər arasında elan edilən müharibə, Azərbaycanlı əsgərlərin hərbi
hissədə üstün mövqedə olması da var.
Yazar
zaman-zaman xəyal aləminə də ekskurs edir və öz uşaqlığını, məktəb
illərini, ailəsinin ayrı-ayrı fərdlərini göz önünə gətirərək bir növ
fürsətdən istifadə edib romanı 1986-88-ci illər çərçivəsindən çıxarmağa
da çalışır.
Romanda bir ana xətt diqqəti cəlb
edir. Yazarın özünün əsas obraz olduğu əsərdə əsgərliyə gedərkən bir
kommunist kimi yetişmək istəyən Azərbaycanlı gənc artıq iki ildən sonra
mənsub olduğu quruluşdan imtinaya, ümumiyyətlə isə kommunizmə nifrət
etməyə hazırdır: “İndi o, heç kommunist də olmaq istəmirdi. Onun bir
neçə il öncəki istəklərinin yerini tək bir istək tutmuşdu: Azərbaycanı
Sovet imperiyasının caynağından qurtarıb azad bir ölkəyə çevirmək! Bu
yolda o, özü kimi milyonlarla həmvətəni, həm də əksəriyyəti Türklüyünü
dərk edən Azərbaycanlıyla bir sırada addımlayırdı indi...”
Yazar
sadə xalq dilində yazdığı romanın geniş oxucu rəğbəti qazanacağına
şübhə etmir. Bununla belə, arzu edir ki, bu əsər ən sərt və əsaslı
tənqidlərə məruz qalsın.
Publika.Az
Hiç yorum yok:
Yorum Gönder